AZ
Şirkət kataloqu
Bakı
915
AZ
Publik aferta

Publik aferta

«Umico» istehlakçı loyallığı əməkdaşlıq proqramında iştiraka dair Müqavilə

«Competo» MMC-nin Direktorunun 12.04.2019-cu il tarixli №01/C-2019 Əmri ilə (30.06.2020-ci il tarixli №01/C-2020 Əmrə edilmiş dəyişikliklər və əlavələr nəzərə alınmaqla) təsdiqlənmişdir.

1. ANLAYIŞLAR VƏ TƏRİFLƏR

1.1. Bonus manatı – Proqramın Qaydalarına uyğun olaraq hesablama mexanizmini həyata keçirməyə imkan verən şərti vahid. Bonus manatları yalnız uçot məqsədləri üçün istifadə edilir və gəlir növü, ödəniş vasitəsi, qiymətli kağız hesab edilmir və hesab edilə bilməz, eləcə də, vərəsəlik qaydasında ötürülə bilməz.

1.2. Müştərinin Bonus hesabı (Bonus hesabı) – Proqram çərçivəsində toplanmış və istifadə edilmiş Bonus manatlarına dair məlumatın sistemləşdirilməsi üçün Operator tərəfindən istifadə edilən texniki hesab. Bonus hesabı bank hesabı deyildir.

1.3. Müqavilə – «Umico» istehlakçı loyallığı əməkdaşlıq proqramında iştiraka dair Müqavilə.

1.4. Əlavə bonus manatı – Proqrama müştəriləri cəlb etmək məqsədi ilə Operator hesabına Müştərinin Bonus hesabına köçürülən Bonus Manatı.

1.5. Müştəri – Müqaviləni hazırkı ümumi ofertanı aksept etmək yolu ilə bağlamış və Müqavilənin bağlanması tarixinə qüvvədə olan, fəaliyyət qabliyyəti ilə bağlı məsələləri tənzim edən qanunvericiliyə müvafiq olaraq müqaviləni bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olan fiziki şəxs (fərdi müştəri).

1.6. Bonus Manatının hesablanması –Hesablayan Partnyordan və/ və ya istehsalçı-Partnyordan mal/xidmət əldə edilməsinə görə və/və yaxud Hesablayan Partnyorun və ya istehsalçı-Partnyorun maraqlarına xidmət edən digər hərəkətlərə görə Müştəri üçün həvəsləndirmə qismində (Hesablayan Partnyorun və/və ya istehsalçı- Partnyorun təşəbbüsü ilə həyata keçirilən) Proqram Qaydaları üzrə Müştərinin bonus hesabına əlavə edilmiş Bonus Manatın hesablanması (qalığının artırılması).

1.7. Hesablayan Partnyor – Proqramın həyata keçirilməsi çərçivəsində Hesablayan Partnyorun TMM-ində Proqram çərçivəsində əməliyyatların həyata keçirilməsi üçün Müştəriyə hesablanan Bonus Manatlarını maliyyələşdirən şirkət.

1.8. Operator – «Competo» MMC.

1.9. Loyallıq Proqramının Partnyoru (Partnyor) – Hesablayan və (və ya) İstifadə edən Partnyor.

1.10. Fərdi məlumatlar üzrə siyasət - Operator tərəfindən işlənib hazırlanmış Müştərilərin fərdi məlumatları ilə iş prinsipləri; Fərdi məlumatlar üzrə siyasət saytda yerləşdirilir.

1.11. Proqramın Qaydaları (Qaydalar) – Proqram çərçivəsində əməliyyatların yerinə yetirilməsi qaydası.

1.12. Loyallıq Proqramı (Proqram) – Operatorun xüsusi proqram-texniki kompleksi əsasında Bonus Manatlarının hesablanması (toplanması) və istifadəsi sistemi üzərində qurulmuş «Umico» istehlakçı loyallığı əməkdaşlıq proqramı.

1.13. TMM – Partnyorun ticarət məntəqəsi (malların/xidmətlərin satış məntəqəsi).

1.14. Sayt – Operatorun internet şəbəkəsində www.umico.az ünvanında yerləşən saytı.

1.15. Mal – Müştəri tərəfindən Loyallıq Proqramının Partnyorundan alınan hər hansı mal, iş, xidmət.

1.16. Unikal identifikator (UİD) – hər bir UİD üzrə Müştərinin Proqram çərçivəsində həyata keçirdiyi əməliyyatların uçotunu aparmaq üçün istifadə olunan, Proqramın xüsusi olaraq yaratdığı simvollar ardıcıllığı və ya qrafik ardıcıllıq. UİD-in daşıyıcısı qismində ştrix-kodlu (QR-kod və s.) plastik kart (o cümlədən, bankın kobrendinq kartı), Operator tərəfindən xüsusi olaraq hazırlanmış və Google Play və AppStore-da yerləşdirilmiş mobil tətbiq, Operatorun mülahizəsi əsasında digər proqram-texniki vasitələr çıxış edə bilər.

1.17. Bonus manatlarının İstifadəsi – İstifadə edən Partnyor tərəfindən Müştəriyə malların/xidmətlərin təqdim edilməsi və bu zaman Proqramın qaydalarına əsasən Müştərinin Bonus hesabından Bonus manatlarının silinməsi.

1.18. İstifadə edən Partnyor – Proqramın həyata keçirilməsi çərçivəsində Müştərinin daha əvvəl topladığı Bonus manatlarını istifadə edən şirkət.

1.19. Aksiya – istehlakçıların Proqrama, Partnyora (Partnyorlara) münasibətdə loyallığının formalaşdırılmasına və artırılmasına, habelə Partnyordan (Partnyortlardan) malın (işin, xidmətin) əldə edilməsində İstifadəçilərin aktivliyini artırmağa yönəlmiş, Proqram çərçivəsində həyata keçirilən və onun bir hissəsi olan, Bonus manatlarının hesablanması ilə müşayiət edilən marketinq tədbiri.

1.20. Aksiyaların Büdcəsi – Operator və / və ya Partnyor tərəfindən Aksiyaların keçirilməsi üçün ayrılmış maksimal məbləğ.

1.21. Aksiya Şərtləri – Operatorun və/və ya Operatorun Partnyorla birlikdə və/və ya Operatorun Partnyorun tapşırığı əsasında həyata keçirdiyi konkret Aksiyalara dair məlumatlar, Aksiyalarda iştirak edən Malların siyahısı, onların keçirilmə müddətləri, Aksiyalar çərçivəsində Satınalmalar edilərkən hesablanan Bonus manatlarının miqdarı və ödəniş həcmi haqqında, habelə Aksiyaların keçirilməsi qaydaları və şərtləri barədə Saytda və/və ya Tətbiqdə yerləşdirilən informasiya.

1.22. Tətbiq – İstifadəçinin virtual xəritəyə çıxışına, çekləri skanerləməsinə, xüsusi təkliflər almasına və Proqramın digər funksionallıqlarından istifadə etməsinə imkan yaradan, iOS və Android əməliyyat sistemlərində işləyən mobil cihazlar üçün yazılmış «Umico» tətbiqi.

1.23. Prosedurlar – Proqramın reallaşdırılması çərçivəsində müəyyənləşdirilmiş Qaydalar üzrə tətbiq edilən (ayrı-ayrılıqda və ya birlikdə) bir sıra prosedurlar, daha dəqiq desək:

1.23.1. Bonus manatların Ləğvi - “«Umico» istehlakçı loyallığı əməkdaşlıq proqramında iştiraka dair Müqaviləyə 1 saylı Əlavə”nin 5.9-cu və 5.12-ci bəndlərində göstərilmiş, əvvəl Bonus hesabına hesablanmış bonusların silinməsi proseduru.

1.23.2. Bonus manatlarının Bərpası – Qaydalarda göstərilmiş şəkildə silinmiş yaxud Ləğv edilmiş Bonus manatlarının bərpa edilməsi ilə bağlı prosedur.

1.23.3. Bonus hesabının bloklanması – Bonus manatlarının istifadəsinə və/ və ya hesablanmasına məhdudiyyət qoyan, Müştərini sonrakı Satınalmalar üzrə Bonus manatları almaq və istifadə etmək hüququndan məhrum edən (məhdudiyyətlərin səbəbləri aradan qalxanadək) prosedur.

1.24. Qanunsuz hərəkətlər – Proqramın məqsədlərinə zidd şəkildə Aksiya Qaydalarını və/və ya Şərtlərini pozaraq əsassız fayda əldə etməyə yönəlmiş Müştərinin vicdansız hərəkətləri, o cümlədən (lakin bunlarla məhdudlaşmayaraq):

1.24.1 Qaydalardan sui-istifadə – Müştərinin Qaydalara və Proqramın məqsədlərinə zidd şəkildə, o cümlədən (lakin bunlarla məhdudlaşmadan) faktiki olaraq Satınalma etmədən, şəxsi istehlakı üçün nəzərdə tutulmamış Satınalma etməklə Bonus manatı əldə etməyə yönəlmiş vicdansız hərəkətləri, habelə birbaşa olaraq Qaydalarda qeyd edilmiş və ya qeyd edilməmiş digər vicdansız hərəkətlər.

1.24.2. Aksiya Şərtlərindən sui-istifadə – Aksiyada iştirak zamanı İştirakçının düzgün olmayan informasiyanı (məlumatı) təqdim etməsi ilə bağlı olaraq İstifadəçinin Aksiya Şərtlərinə zidd olan vicdansız hərəkətləri, habelə Proqramın məqsədlərinə zidd olan, birbaşa olaraq Qaydalarda qeyd edilmiş və ya qeyd edilməmiş digər vicdansız hərəkətlər.

1.25. İstehsalçı-Partnyor – UİD-də göstərilmiş mallardan istifadə etməklə həyata keçirilən satınalmalara görə Müştəriyə hesablanan Bonus manatlarının Proqram çərçivəsində maliyyələşdirilməsini təmin edən, bazara satış üçün məhsullar/mallar çıxaran şirkət.

1.26. Çek – Azərbaycan Respublikasının Vergi Məcəlləsinin “Operativ vergi nəzarəti” adlı 50-ci Maddəsinin 8-ci bəndində nəzərdə tutulmuş mağaza tərəfindən verilən (Müştərinin həyata keçirdiyi konkret Satınalmaları təsdiqləmək üçün Operator tərəfindən istifadə edilən) nəzarət-kassa aparatının kağız nüsxədə olan çeki.

2. ÜMUMİ MÜDDƏALAR

2.1. Müqavilə ümumi oferta (müqavilə bağlamaq təklifi) deməkdir və Operatorun ofertasının Müştəri tərəfindən aksepti anından bağlanmış sayılır.

2.2. Hazırkı ümumi ofertanın aksepti Proqramın Qaydalarına müvafiq olaraq Müştərinin Proqramda UİD əldə etməsi və həmin UİD-in aktivləşdirilməsi deməkdir.

2.3. Müqavilə Proqram çərçivəsində Operator və Müştəri arasında qarşılıqlı fəaliyyətin həyata keçirilməsi qaydasını müəyyənləşdirir.

2.4. Müqavilənin hazırkı redaksiyası Saytda yerləşdirilir.

2.5. Proqramın Qaydaları Müqavilənin ayrılmaz tərkib hissəsidir.

2.6. Proqramı/onun ayrı-ayrı funksiyalarını istifadə etməyə başladıqda və yaxud qeydiyyat prosedurunu keçdikdə Müştəri heç bir qeyd-şərt və ya istisna olmadan Qaydaların şərtlərini tam şəkildə qəbul etmiş hesab edilir. Müştəri Müqavilənin hər hansı müddəaları ilə razı olmadıqda, Müştərinin Proqramı/onun ayrı-ayrı funksiyalarını istifadə etmək hüququ olmur. Əgər Operator nəzərdə tutulmuş qaydada Müqaviləyə hər hansı dəyişiklik edirsə və Müştəri bu dəyişikliklə razı deyilsə, o zaman Müştəri Proqramdan istifadəni dayandırmalıdır. Operator Müqaviləyə hər hansı dəyişiklik və ya əlavələr etdikdən sonra Müştəri Proqramdan istifadəni davam etdirirsə, Müştəri bütün əlavələri və düzəlişləri qəbul etmiş hesab olunur.

3. OPERATORUN VƏ MÜŞTƏRİNİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

3.1. Operator Müqavilənin yeni redaksiyasının təsdiqi yolu ilə Müqaviləyə birtərəfli qaydada dəyişikliklər və (və ya) əlavələr etmək hüququna malikdir. Müqavilədə dəyişikliklər və (və ya) əlavələr edildiyi halda Operator yeni redaksiyasının qüvvəyə minməsinə 3 (üç) təqvim günü qalmışdan gec olmayaraq Müqavilənin yeni redaksiyasının elektron versiyasının Saytda yerləşdirilməsi yolu ilə Müştərini bu barədə xəbərdar etməlidir.

3.2. Müştəri Müqaviləyə əlavə və dəyişikliklər edilməsini müstəqil qaydada izləməyi öhdəsinə götürür. Müştərinin Müqavilənin yeni redaksiyasının qüvvəyə minməsindən sonra Proqram çərçivəsində yerinə yetirilən hərəkətləri Müştərinin Müqavilənin yeni redaksiyasına razılığının təsdiqidir.

3.3. Müştəri Qaydalara (Müqavilənin ayrılmaz hissəsi olan Əlavə 1-ə) əməl etməyi öhdəsinə götürür.

3.4. Proqramın proqram-texniki kompleksindən istifadə edən zaman, o cümlədən, Proqram çərçivəsində istənilən digər hərəkətlərin yerinə yetirilməsi zamanı Müştəri özü haqqında səhih məlumatlar təqdim etməyi, həmçinin həmin məlumatları onlara vaxtında və dəqiq dəyişikliklər etməklə ən yeni versiyada saxlamağı öhdəsinə götürür.

Müştəri yalnız ona məxsus mobil telefon nömrəsini qeyd etmək, həmçinin mobil telefon nömrə dəyişdikdə Operatoru bu barədə dərhal xəbərdar etmək öhdəliyini daşıyır.

Əgər Müştəri düzgün olmayan informasiya təqdim edirsə və ya Operatorun Müştəri tərəfindən təqdim edilmiş informasiyanın düzgün olmadığını hesab etməyə əsaslı səbəbi varsa, Operator öz mülahizəsinə əsasən Müştərinin Bonus hesabını bloklamaq və Müştərinin Proqramdan (və ya onun ayrı-ayrı funksiyalarından) istifadəsini ləğv etmək hüququna malik olur.

3.5. Müştəri Bonus manatlarının\Əlavə bonus manatlarının süni (Operatorun subyektiv rəyinə əsasən) şəkildə artırılması üçün Loyallıq Proqramı çərçivəsində təqdim edilən imkanlardan sui-istifadə etməməyi , o cümlədən, lakin bununla məhdudlaşmayaraq müxtəlif mobil nömrələrlə bir neçə UİD-i əldə etməməyi və aktivləşdirməməyi öz öhdəsinə götürür. Əsassız varlanma məqsədilə proqram çərçivəsində təqdim edilən imkanlardan Müştəri tərəfindən qəsdən sui-istifadəyə görə Müştəri qüvvədə olan qanunvericiliyə əsasən məsuliyyət daşıyır

3.6. Operator vəziyyətin araşdırılması üçün qabaqcadan xəbərdarlıq etmədən Bonus manatlarının hesablanmasını dayandırmaq hüququna malikdir. Belə araşdırmanın başa çatmasınadək əvvəllər yığılmış Bonus manatlarının\Əlavə bonus manatlarının istifadəsinə icazə verilmir.

3.7. Müştəri tərəfindən Müqavilə şərtlərinin, o cümlədən, Müqavilənin 3.5-ci bəndinin pozulması halında Operator Müştərini qabaqcadan xəbərdarlıq etmədən Loyallıq Proqramından çıxarmaq hüququna malikdir. Bu halda toplanmış Bonus manatları\Əlavə bonus manatları hər hansı şəkildə əvəzi ödənilmədən ləğv edilir.

3.8. Müştəri Operatora yazılı ərizə ünvanlamaqla Loyallıq Proqramında iştirakdan könüllü şəkildə imtina edə bilər. Bu halda hesablanmış Bonus manatları\Əlavə bonus manatları hər hansı şəkildə əvəzi ödənilmədən ləğv edilir.

3.9. Müştəri Operatora Müştərinin mobil telefon nömrəsinə SMS-xəbərdarlıq şəklində, eləcə də, digər vasitələrdən və informasiya ötürülməsi kanallarından istifadə etməklə Müştərinin ünvanına məlumat və reklam xarakterli mesajlar göndərmək hüququ verir.

3.10. Müştəri Fərdi məlumatlar üzrə siyasətinə uyğun olaraq Operatora fərdi məlumatlarını toplamaq, saxlamaq və istifadə etmək hüququnu verir.

3.11. Operator Müştəriyə hesablanmış Bonus manatlarının\Əlavə bonus manatlarının avtomatik olaraq ləğv edilməsi müddətini müəyyən etmək hüququna malikdir. Ləğvetmə qaydası Saytın müvafiq bölməsində göstərilir.

3.12. Operator Loyallıq Proqramının fəaliyyətinin dayandırılması anına 3 (üç) təqvim günü qalmış Saytda Müştəriləri qabaqcadan məlumatlandırmaqla Loyallıq Proqramının fəaliyyətini dayandırmaq hüququna malikdir. Loyallıq Proqramının dayandırıldığı müddət ərzində Müştərilərə Bonus manatları hesablanmır, əvvəllər hesablanmış Bonus manatları\Əlavə bonus manatları isə istifadə edilə bilməz.

3 .13. Operator Loyallıq Proqramının xitamı anına 3 (üç) təqvim günü qalmış Saytda Müştəriləri qabaqcadan məlumatlandırmaqla birtərəfli qaydada Müqavilənin yerinə yetirilməsindən imtina etmək (Loyallıq Proqramına xitam vermək) hüququna malikdir. Bu halda bütün Bonus manatları\Əlavə bonus manatları hər hansı şəkildə əvəzi ödənilmədən ləğv edilir.

3.14. Operator İştirakçıları qabaqcadan xəbərdar etmədən Loyallıq Proqramının istənilən Partnyorunu Loyallıq Proqramında iştirakdan xaric etmək hüququna malikdir.

3.15. Operator Müqavilə üzrə hüquq və vəzifələrini birtərəfli qaydada üçüncü tərəfə ötürmək hüququna malikdir.

3.16. Proqramın funksiyalarının icrası yalnız İnternet şəbəkəsinə çıxış olduqda mümkündür. İstifadəçi İnternet şəbəkəsinə çıxışı özü əldə edir və İnternet şəbəkəsinə çıxışa görə öz rabitə operatorunun və ya İnternet provayderinin şərtləri və tarifləri əsasında ödəniş edir.

3.17. Müştəri məlumatlıdır ki, o, hər hansı ticarət şəbəkəsinin əməkdaşıdırsa, həmin ticarət şəbəkəsində keçirilən bonus manatlarının alınmasına və/ və ya digər həvəsləndirici vasitələrin əldə olunmasına yönəlmiş aksiyalarda iştirak edə bilməz. Operatorun bonus manatlar və /və ya digər həvəsləndirici vasitələr formasında əldə edilmiş mükafatların vicdansız hərəkətlər və pozuntular, Proqramdan istifadə qaydalarının və vəzifə səlahiyyətlərinin sui-istifadəsi yolu ilə əldə edildiyini güman etməyə əsaslı səbəbi olarsa, Operator Müştəriyə hesablanmış bonus manatlarının və verilmiş digər həvəsləndirici vasitələrin ləğvi üçün tədbirlər görmək və Müştərinin Bonus hesabını bloklamaq hüququna malik olur.

Müştərinin Bonus hesabı bloklandığı təqdirdə, həmin Müştəri üçün proqramın funksionallığı, o cümlədən sonrakı müddətdə bonusları toplamaq/istifadə etmək və aksiyalarda iştirak etmək imkanı məhdudlaşdırılmış ola bilər.

4. OPERATORUN VƏ MÜŞTƏRİNİN MƏSULİYYƏTİ

4.1. Operator Loyallıq Proqramının tam fəaliyyətini təmin etmək üçün bütün səyləri göstərir, lakin bu zaman Loyallıq Proqramı çərçivəsində proqram-texniki nasazlıqlar və digər oxşar vəziyyətlər səbəbindən hesablanmış Bonus manatlarının\Əlavə bonus manatlarının toplanmasının və (və ya) istifadəsinin mümkün olmamasına görə məsuliyyət daşımır.

4.2. Mübahisə və fikir ayrılıqları Operatorun Loyallıq Proqramının icrası çərçivəsində öz öhdəliklərini pozması səbəbindən yaranmamışdırsa, Operator Loyallıq Proqramının Müştəriləri və Partnyorları arasında yaranmış mübahisə və fikir ayrılıqlarına görə məsuliyyət daşımır və məsuliyyət daşıya bilməz.

4.3. Loyallıq Proqramı Qaydalarının pozuntusuna görə Operatorun Müştəri qarşısında məsuliyyəti Bonus manatlarının\Əlavə bonus manatlarının hesablanması ilə əlaqədar istənilən pretenziya üzrə məhduddur. Müştəri tərəfindən Bonus manatlarının hesablanması/istifadəsi ilə əlaqədar təqdim edilmiş pretenziya əsaslı olduqda Operator Müştərinin bonus hesabında olan qalıq Bonus manatlarını\Əlavə bonus manatlarını korrektə edir.

4.4. Operator Proqram çərçivəsində satın alınan Mallara görə heç bir məsuliyyət daşımır. Müştəri və Partnyor arasında yaranan istənilən fikir ayrılığı onlar tərəfindən müstəqil şəkildə tənzimlənir.

4.5. Müştəri Loyallıq Proqramı çərçivəsində öz hərəkətlərinə (və ya hərəkətsizliyinə) görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır.

5. DİGƏR MÜDDƏALAR

5.1. Operator Müştərilərin Operatora ünvanlanmış müraciətlərini nəzərdən keçirir və Loyallıq Proqramının Müştəriləri və Partnyorları arasında mübahisəli məqamların tənzimlənməsi üçün bütün mümkün (ağlabatan həddə) tədbirləri görür.

5.2. Partnyor Proqram çərçivəsində xüsusi (aksiya) qiymətləri müəyyən edilmiş Malların, o cümlədən, diskont kartından və həmin TMM-in digər loyallıq proqramından istifadə zamanı Müştəriyə Malların satışından imtina etmək hüququna malikdir.

5.3. Operator və Müştəri arasında istənilən fikir ayrılığı (o cümlədən, Müqavilə ilə tənzimlənməyən məsələlər üzrə) danışıqlar yolu ilə tənzimlənir. Razılıq əldə edilmədikdə mübahisə Operatorun olduğu yerin məhkəməsində həll edilir.

6. FORS-MAJOR

6.1. Operator Müqavilə üzrə öhdəliklərinin tam və ya qismən yerinə yetirilməməsinə görə, əgər belə hallar qarşısıalınmaz qüvvənin təsiri, xüsusilə, müharibələr, təbii fəlakətlər, yanğınlar, daşqınlar, zəlzələlər, tətillər, kütləvi iğtişaşlar və digər ictimai təlatümlər, o cümlədən, hakimiyyətin Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə təsir göstərə bilən fəaliyyəti nəticəsində baş vermişdirsə, məsuliyyətdən azad olunur.

7. MÜQAVİLƏNİN QÜVVƏDƏ OLMA MÜDDƏTİ, DƏYİŞİKLİKLƏR VƏ VAXTINDAN ƏVVƏL XİTAM EDİLMƏSİ

7.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və Loyallıq Proqramının fəaliyyətinə xitam verilən anadək etibarlıdır.

7.2. Müqavilə azərbaycan, rus və ingilis dillərində bağlanılmışdır. Azərbaycan, rus və ingilis mətnləri arasında uyğunsuzluqlar olduğu təqdirdə azərbaycan dilində olan mətnə üstünlük verilir.

8. MÜBAHİSƏLƏRİN HƏLLİ

8.1. Operator və Müştəri Müqavilə üzrə və ya onunla əlaqədar yarana biləcək bütün mümkün mübahisə və fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyə çalışacaqlar.

8.2. Danışıqlar yolu ilə həll edilə bilməyən mübahisələrə Operatorun yerləşdiyi yerin məkhəməsində, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində nəzərdə tutulmuş qaydada baxılır.

9. OPERATORUN REKVİZİTLƏRİ

OPERATOR:

«COMPETO MMC»

Hüquqi ünvan:

AZ 1010, Bakı şəhəri Nəsimi rayonu, Neftçilər pr.,

ev 153.

Faktiki ünvan:

Bakı şəhəri Nəsimi rayonu, Nizami küçəsi, 203, AF Business House, 5-ci mərtəbə.

VÖEN:

1404106781

Telefon:

+994 12 5998455

«Umico» istehlakçı loyallığı əməkdaşlıq proqramında iştiraka dair Müqaviləyə 1 saylı Əlavə

«Umico» istehlakçı loyallığı əməkdaşlıq proqramına qoşulma qaydaları

1. Loyallıq Proqramı 15.04.2019-cu il tarixindən etibarən fəaliyyətə başlayır.

2. Loyallıq Proqramı haqqında məlumatlar Operator tərəfindən Saytda sistemləşdirilir.

3. Müştəri müəyyən şərtləri yerinə yetirməklə Proqram çərçivəsində aşağıdakı stimullaşdırma növlərindən yararlana bilər:

3.1. Hesablayan Partnyorun təşəbbüsü ilə Bonus manatlarının hesablanması.

3.2. Operatorun təşəbbüsü ilə Əlavə bonus manatlarının hesablanması. Əlavə bonus manatlarının yığılması qaydası Operator tərəfindən müstəqil qaydada müəyyən edilir (Operator həmçinin hazırkı Qaydaların 5-ci bölməsini də tətbiq edə bilər). Əlavə bonus manatlarının İstifadəsi bu Qaydaların 6-cı bölməsinə uyğun olaraq həyata keçirilir.

3.3. Operator və Partnyorlar tərəfindən həyata keçirilən xüsusi marketinq tədbirləri çərçivəsində premium (yüksək) əmsalın tətbiqi ilə Bonus manatlarının İstifadəsi.

3.4. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi çərçivəsində digər stimullaşdırma növləri.

4. UİD-in əldə edilməsi və aktivləşdirilməsi qaydası.

4.1. Müştəri Proqram çərçivəsində həyata keçirilən əməliyyatların identifikasiyası üçün UİD-dən istifadə edir.

4.2. İstifadəçi UİD-inin əldə edilməsi qaydası Operator tərəfindən müəyyən edilir.

4.3. UİD-in aktivləşdirilməsinə dair təlimat Operator tərəfindən Saytda yerləşdirilir.

5. Bonus manatlarının hesablanması qaydaları:

5.1. Proqram çərçivəsində həyata keçirilən əməliyyatlara görə Bonus manatlarının hesablanması üçün Müştəri belə əməliyyatları UİD-dən istifadə etməklə identifikasiya etməlidir. UİD-dən istifadəyə dair ətraflı təlimatlar Operator tərəfindən Saytın müvafiq bölməsində yerləşdirilir.

5.2. Müştəri tərəfindən Hesablayan Partnyorun TMM-ində UİD-dən istifadə etməklə həyata keçirilən Malların ödənişi əməliyyatlarına görə Operator Bonus manatları hesablayır.

5.3. Qaydaların 5.2-ci bəndində göstərilən əməliyyatlar üzrə Operator tərəfindən Bonus manatlarının hesablanmasında istifadə edilən faiz dərəcəsi Partnyor tərəfindən müstəqil şəkildə müəyyən edilir.

5.4. Operator tərəfindən Bonus manatlarının hesablanmasında istifadə edilən faiz dərəcəsi Müştəriyə qabaqcadan xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Operator tərəfindən Bonus manatlarının hesablanması üçün (o cümlədən, hər bir Partnyor üçün) istifadə olunan cari faiz dərəcəsi Saytın müvafiq bölməsində göstərilir.

5.5. Toplanmış Bonus manatlarının Müştərinin Bonus hesabında əks olunması vaxtı hər bir Partnyorla qarşılıqlı fəaliyyətin texniki xüsusiyyətlərindən asılıdır və fərqlənə bilər. Bonus manatlarının Müştərinin Bonus hesabında əks olunması qaydasına dair məlumat Operator tərəfindən Saytda dərc olunur.

5.6. Operator həm müəyyən bir müddət ərzində, həm də Loyallıq Proqramında iştirakının bütün müddəti ərzində Müştəriyə hesablana bilən Bonus manatı məbləğinin yuxarı həddinə limit qoymaq hüququna malikdir. Belə limitlər və onlardan istifadə qaydası Saytın müvafiq bölməsində göstərilir. Operator birtərəfli qaydada, Müştərini qabaqcadan xəbərdar etmədən mövcud limitləri dəyişdirmək hüququna malikdir. Cari limitlər Saytın müvafiq bölməsində göstərilir.

5.7. Toplanmış Bonus manatının məbləği müəyyən edilmiş limitə çatarsa, cari dövrdə əlavə Bonus manatı hesablanmaya bilər.

5.8. Operator hesablanmış Bonus manatlarının etibarlılıq müddətini müəyyən etmək hüququna malikdir. Etibarlılıq müddəti başa çatdığı halda toplanmış Bonus manatları hər hansı şəkildə əvəzi ödənilmədən ləğv edilir.

5.9. Nəticəsində Müştəriyə Bonus manatları hesablanmış əməliyyatı Müştəri ləğv etdikdə (o cümlədən, Malları qaytardıqda) Operator həmin Bonus manatlarını ləğv etmək hüququna malikdir. Müştərinin Bonus hesabında ləğv əməliyyatının icrası üçün kifayət qədər Bonus manatları mövcud deyilsə (ləğv edilən əməliyyat üzrə hesablanmış Bonus manatları ləğv zamanı artıq istifadə olunmuşdursa (bir hissəsi istifadə olunmuşdursa)), Partnyor Bonus manatının çatışmayan məbləğini ləğv edilən əməliyyat üzrə geri qaytarılan pul vəsaitindən tutur.

5.10. Nəticəsində Müştəri tərəfindən Bonus manatları istifadə edilmiş əməliyyatı Müştərinin ləğv etməsi (o cümlədən, Malların qaytarılması) halında Operator həmin Bonus manatlarını Müştərinin Bonus hesabına bərpa edir.

5.11. Ləğv əməliyyatı zamanı Müştəri belə əməliyyatı həmin əməliyyatın əsli yerinə yetirilərkən istifadə edilmiş UİD-dən istifadə edərək identifikasiya etməyə borcludur. Ləğv əməliyyatı zamanı Müştərinin hərəkətlərinə dair ətraflı təlimat Operator tərəfindən Saytda yerləşdirilir. Həmin təlimatlar pozulduğu halda Operator Qaydaların 5.10-cu bəndinə uyğun olaraq Bonus manatının bərpasını həyata keçirməmək hüququna malikdir.

5.12. Bonus manatları, Operatorun subyektiv rəyinə görə, Müştəriyə Loyallıq Proqramı çərçivəsində təqdim edilən imkanlardan onun sui-istifadəsi nəticəsində hesablanmışdırsa, Operator Müştərinin istənilən Bonus manatlarının hamısını və ya bir hissəsini Müştəriyə qabaqcadan xəbərdarlıq etmədən və hər hansı şəkildə əvəz ödəmədən ləğv etmək hüququna malikdir.

5.13. Operator müəyyən növ əməliyyatların həyata keçirilməsi zamanı və ya öz mülahizəsi əsasında digər hallarda Bonus manatlarının hesablanmasına məhdudiyyət qoymaq hüququna malikdir. Məhdudiyyətlər barədə məlumat Operator tərəfindən Saytda yerləşdirilir.

5.14. Bonus Manatlarının hesablanması nəticəsində onlar tam miqdarda əldə edilmirsə, onların tam hissəsisi pul vahidinə (Azərbaycan manatı) və kəsr hissəsi – xırda pula (Azərbaycan qəpiyi) bərabər hesab edilir.

5.15. Müştəri Bonus Manatlarının məbləği barədə məlumatı Müştərinin Saytdakı şəxsi kabinetindən, mobil tətbiqdən və ya Operatorun Əlaqə Mərkəzinə müraciət etməklə əldə edə bilər.

5.16. Bonus manatının yanlış hesablanması/ istifadəsi halında Operator müstəqil şəkildə, Müştəriyə qabaqcadan xəbərdarlıq etmədən düzəlişlər etmək hüququna malikdir.

6. Bonus manatlarından istifadə qaydaları.

6.1. Toplanmış Bonus manatları Müştəri tərəfindən İstifadə edən Partnyorun TMM-lərində Mallara görə ödəniş həyata keçirilərkən istifadə edilə bilər. Bonus manatlarından istifadə etmək üçün Müştəri əməliyyatı UİD-dən istifadə etməklə identifikasiya etməli və Bonus manatlarının istifadəsinə dair Operator tərəfindən Saytda yerləşdirilmiş təlimatlara əməl etməlidir.

6.2. Ümumi qaydada Müştəri öz Bonus Hesabında olan Bonus Manatlarının istənilən hissəsini istifadə edə bilər. Hər hansı İstifadə edən Partnyorun işinin texniki xüsusiyyətləri Bonus manatlarından istifadəni ümumi əsaslarla həyata keçirməyə imkan vermirsə, belə İstifadə edən Partnyorlarda Bonus manatlarından istifadənin xüsusi qaydası tətbiq oluna bilər.

6.3. Ümumi qaydada bir Bonus manatından İstifadə zamanı Müştəri İstifadə edən Partnyordan ekvivalent dəyərdə Mal əldə edir. Xüsusi marketinq fəaliyyətləri (aksiyalar) çərçivəsində istifadə daha yuxarı və ya daha aşağı əmsaldan istifadə edilməklə həyata keçirilə bilər.

6.4. Bonus manatından istifadə Bonus manatının etibarlılıq müddətinin bitməsinədək olan vaxt nəzərə alınmaqla həyata keçirilir. İlk növbədə etibarlılıq müddətinin bitməsinə daha az qalmış Bonus manatları silinir.

7. Digər şərtlər

7.1. UİD-in aktivləşdirilməsinin köməyi ilə identifikasiya edilən istənilən əməliyyat həmin UİD-i aktivləşdirən Müştəri tərəfindən həyata keçirilmiş əməliyyat hesab edilir. Müştəri müstəqil olaraq UİD-in təhlükəsizliyini təmin edir. Operator Müştərinin UİD-inə çıxış əldə etmiş üçüncü şəxslərin icazəsiz hərəkətlərinə görə məsuliyyət daşımır.

7.2. Bonus manatları, habelə Müştərinin Əlavə bonus manatları başqa bir şəxsə ötürülə bilməz və ya Loyallıq Proqramının Müştərisi olub-olmamasından asılı olmayaraq digər şəxsin Bonus manatları/Əlavə bonus manatları ilə birləşdirilə bilməz.

7.3. Müştəri ona hesablanmış Bonus manatlarının və ya Əlavə bonus manatlarının məbləği ilə razılaşmadıqda, etiraz yazılı formada və ya Azərbaycan Respublikasının vətəndaşların müraciətlərinə dair qüvvədə olan qanunvericiliyində nəzərdə tutulmuş digər formada Operatora ünvanlanır.

«Umico» istehlakçı loyallığı əməkdaşlıq proqramında iştiraka dair Müqaviləyə 2 saylı Əlavə

«Umico» istehlakçı loyallığı əməkdaşlıq proqramına qoşulma qaydaları

Çeklərdə QR-kodun skanerlənməsi funksiyasından istifadə etməklə «Umico» istehlakçı loyallığı əməkdaşlıq proqramında iştirak qaydaları.

1. Operator Müştəriyə çekdəki QR-kodun skanerlənməsi funksiyasından istifadə etmək və digər formada kassa çekindəki məlumatlar əsasında satınalma barədə informasiya əldə etmək imkanı yaradır. Qeyd edilmiş funksionallıqdan istifadə edərkən Müştəri Operatora icazə verir ki, informasiya servisi vasitəsilə Operator Müştərinin hesablaşma apardığı vaxt təşkilatın və ya fərdi sahibkarın (satıcının) nəzarət-kassa aparatından çıxan Müştəriyə aid kassa çeklərindəki informasiyanı əldə etsin və istifadə etsin.

2. Müştəri Bonus manatları hesablanan anadək çekləri və Satınalmaları təsdiqləyən (Qaydalara uyğun olaraq malı indetifikasiya edən) digər sənədləri saxlamağı öhdəsinə götürür və eləcə də Tətbiqdəki bildiriş vasitəsilə (və ya Operatorun mülahizəsinə əsasən digər mümkün vasitə ilə) tələb edildikdə Müştəri ona hesablanmış Bonus manatlarla bağlı yarana biləcək mübahisəli halların tənzimlənməsi üçün həmin çek və sənədləri Operatora təqdim etməyi öhdəsinə götürür.

Operator Bonus manatları aşağıdakıları uğurla yerinə yetirmiş Müştəriyə hesablayır:

2.1. Proqramın Qaydalarını və Şərtlərini yerinə yetirmiş, ticarət şəbəkəsində Aksiyaların qüvvədə olma müddəti ərzində Satınalmalar edərək Çekləri əldə etmiş;

2.2. Tətbiqdə avtorizasiya olmuş;

2.3. Satınalma edildiyi andan etibarən 3 saatdan gec olmayaraq çekdəki QR-kodu skanerdə oxutmuş.

2.4. Çekin fotoşəklini çəkmiş və onu Tətbiqə yükləmiş.

2.5. Aksiyaların Qaydalarından və Şərtlərindən sui-istifadəyə yol verməmiş, Aksiyaların Qaydalarını və Şərtlərini pozmamış, Qaydalarda nəzərdə tutulmuş digər öhdəlikləri yerinə yetirmiş.

2.6. Operator Çekin verildiyini, Çek üzrə geri qaytarılan malın/malların olmadığını, Çekin Proqramın Qaydalarına və Şərtlərinə uyğun olduğunu, Proqramın Qaydalarından və Şərtlərindən sui-istifadə hallarına dair əlamətlərin olmadığını və eləcə də məhdudiyyətlərin olmadığını yoxlayıb təsdiqlədikdən sonra bonus manatlarını hesablayır.

Qeyd edilən yoxlamanın aparılması üsulları Operatorun öz mülahizəsi əsasında və onda olan məlumatlar əsasında müəyyənləşdirilir.

3. Operator aşağıdakı Çeklərə görə Bonus manatları hesablamamaq və Bonus hesabındakı Bonus manatları ləğv etmək hüququna malikdir:

3.1. Malların geri qaytarılması üçün istifadə edilmiş Çeklər;

3.2. ödənişin ləğvi üçün istifadə edilmiş Çeklər;

3.3. Satınalmanın Müştərinin özü tərəfindən həyata keçirildiyini təsdiqləyən faktın olmadığı Çeklər;

3.4. öz vəzifə səlahiyyətlərindən sui-istifadə edən, o cümlədən (lakin bunlarla məhdudlaşmayaraq) ticarət müəssisəsinin, ticarət məntəqəsinin, ticarət obyektinin əməkdaşı, kassiri olan (və yaxud Çeklərə çıxışı olan digər şəxs) Müştərinin skanerdə oxudulmuş Çekləri;

3.5. siyahı buradakılarla məhdudlaşmır və eləcə də Aksiya Qaydalarıdan və Şərtlərindən sui-istifadə edildiyi, Qaydaları və Proqramın məqsədlərini pozduğu güman edilən hər hansı digər Çeklərə də tətbiq olunur.

4. Satınalmanın həyata keçirilməsi və 2 saylı Əlavənin 3-cü bəndinə uyğun olaraq Proqramda və ya Aksiyada iştirak üçün çeklərin skanerlənməsi Operator tərəfindən qanunsuz hərəkət hesab edildikdə.

5. Hər Çek üzrə yalnız bir dəfə Bonus manatlar hesablana bilər. Bir neçə İstifadəçi eyni Çekin QR-kodunu Operatora təqdim edərsə, həmin QR-kodu vaxt etibarilə birinci təqdim etmiş Müştəriyə Bonus manatlar hesablanacaq.

6. Əgər Çekdə göstərilmiş informasiyaya əsasən orada qeyd edilmiş Malın Proqramın Şərtlərinə uyğun olduğunu birmənalı olaraq təsdiqləmək mümkün olmazsa, o zaman Operator Bonus manatların hesablanmasından imtina etmək hüququna malik olur.

BirKart və Umico indi bir yerdə!

BirKartın bütün faydaları və Umico bonusları - Daha sərfəli alış-veriş etmək üçün!

Kart üçün müraciət edinBağlamaq