Bu gün – 5 May – Ümumdünya astma günü kimi qeyd olunur. Bu illik tədbir May ayının ilk Çərşənbə axşamı, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə Astma üçün Qlobal Təşəbbüs təşkilatı (GINA) tərəfindən həyata keçirilir.
Astma yunan dilindən “çətin nəfəs” olaraq tərcümə olunur. İlk dəfə bu termin Hippokrat tərəfindən tətbiq edilmişdir. Əsrlər boyu elm adamları və həkimlər bu xəstəliyi, onun səbəblərini öyrənməyə çalışıblar. Və yalnız 20-ci əsrdə astma səbəbinin allergik reaksiya, xarici bir stimula (kimyəvi, bioloji, fiziki) cavab olaraq bronxların yerli iltihabı olduğu müəyyən edildi.
Buna görə bu gün astma və allergiyanın əlaqəsi, səbəbləri, simptomları və müalicə üsulları haqqında Aysmed klinikasının həkim-pediatr-allerqoloqu – Elşən Tağıyevə suallar verməyi qərara aldıq.
Allergiya nədir?
Allergiya dedikdə, allergen adlandırdığımız yad cisimlərə immun sistemimizin reaksiyası başa düşülür.
Hansı allergiya növləri var?
Allergenlər əsas 2 böyük qrupa bölünür: Tənəffüs allergenləri və qida allergenləri. Tənəffüs allergenləri yəni tənəffüs orqanlarımızla nəfəs alan zaman orqanizmə daxil olan və allergik reaksiya göstərən maddələrdir. Bunlar toz, rütubət, müxtəlif çiçək və otlara qarşı olan allergiyadır. Qida allergiyası isə qida qəbulu zamanı yarana bilən allergik reaksiyalardır. Bundan başqa həmçinin kontakt allergiyası var. Allergenlərlə kontaktda olan zaman, onlara toxunan zaman dəri və selikli qişada özünü allergik reaksiya olaraq göstərir.
Allergiyalar necə yaranır?
Orqanizmdə allergiya meylilikli nəsildən nəsilə genetik yolla keçir. Genetikasında allergiyaya meyllilik olan insanlar allergnelə təmasda olan zaman allergik reaksiya yaranır. Yəni hər hansı bir insanda allergik reaksiya yaranması üçün əvvəlcə ona nəsildən keçmiş allergiyaya meyllilik olmalıdır. Daha sonra isə həmin insan müəyyən bir allergen ilə təmasda olarsa artıq allergiya müşahidə olunacaqdır. Allergenlər də genetikasında allergiyaya meyllilik olan insanlara müxtəlif təsir göstərir. Bir insanda allergik reaksiya yaradan allergen başqa bir insana ümumiyyətlə təsir etməyə bilər.
Ümumi allergiyanın hansı simptomları var?
Çoxları allergiya dedikdə qaşınma və dəri səpkiləri başa düşür. Lakin allergiya simptomları çox müxtəlif ola bilər. Zökəm, asqırma, öskürmə, qarın ağrıları, ishal, qusma kimi əlamətlər də allergiya əlamətləri ola bilər. Allergiya simptomlarına çox ciddi yanaşmaq lazımdır. Allergik xəstəliklər kiçik yaşlarda özünü atopik dermatit və ya dəri allergiyası şəklində göstərir, daha sonra qida allergiyası, allergik rinit və ən sonda bronxial astmaya qədər gedib çıxa bilər. Ona görə də allergiya simptomlarını müşahidə etdikdə dərhal həkimə müraciət edib müalicə etmək lazımdır ki astmaya qədər gedib çıxmasın.
Allergiyalar necə müalicə olunur?
Allergiyanın müalicəsi üçün ilk və ən vacib məqam, allergik reaksiyaya səbəb olan allergeni təyin edib, həyatımızdan çıxarmaqdır. Əgər allergeni həyatımızdan çıxarmaq mümkün deyilsə onunla təmas mütləq minimuma endirilməlidir və daha sonra allergiyanın növündən asılı olaraq, həkim nəzarəti ilə müəyyən dərman preparatları qəbul etmək olar.
Allergiyası və ya astma xəstəliyi olan insanlar idman edə bilərmi?
Allergiyası olan insanlar mütləq idman etməlidir. Xüsusi ilə tənəffüs allergiyası olan insanlar üçün idman çox vacibdir. Və allergiya olması idman üçün heç bir məhdudiyyət yaratmır. Hətta astma xəstəliyi olan insanların idman etməsi onların sağlamlığına müsbət təsir göstərir. Dünya praktikasında astma xəstəsi olub idmanda kifayət qədər uğur qazanan, olimpiya çempionu olan insanlar belə var
Astma necə yaranır?
Astma ən geniş yayılmış xroniki xəstəliklərdən biridir. Uşaq yaşlarında isə 1 nömrəli xronik xəstəlik hesab olunur. ABŞ-da 16 milyon insan astmadan əziyyət çəkir onların 7 milyonu uşaqdır. Ailədə allergiya və ya atopen olması, valideynlərdən birinin və ya hər ikisinin allergik xəstəliklər və ya astmadan əziyyət çəkməsi uşaqda allergiya riskini artırır. Allergik rinit olan insanlar müalicə olunmazsa astma xəstəliyinə keçə bilər.
Yarımçıq doğulmuş uşaqlarda gələcəkdə astma riski çox olur. Erkən yaşlarda antibiotiklərin uzun müddətli qəbulu gələcəkdə astmanın yaranmasına səbəb ola bilər. Əgər evdə siqaret çəkilirsə həmin evdə yaşayanların astma xəstəliyi yaranması riski artır. Mənzildə rütubət varsa, ev tozludursa allergiya yaranma ehtimalı daha çoxdur. Toz gənələri adlandırdığımız varlıqlar astma və allergiya yaranmasında mühüm rol oynayırlar.
Astma xəstəliyinin hansı simptomları var?
Astma simptomları daha çox boğulma tutma ilə müşahidə olunur. Lakin astmanın öskürəklə özünü büruzə verən formaları da var, bu zaman xəstələr xüsusi ilə gecələr uzun müddətli öskürək müşahidə edirlər. Səhər oynadıqda, qaçdıqda, güldükdə, qışqırdıqda baş verən öskürək allergik mənşəli ola bilər. Ona görə uzun müddət davam edən öskürək olarsa mütləq astma haqqında da düşünmək lazımdır.
Adi allergiyanın astma xəstəliyinə çevirilməməsi üçün nələr etmək lazımdır?
İstənilən allergiya təyin olunub müalicə olunmazsa gələcəkdə astmaya çevrilə bilər. Ona görə allergiya simptomları gördüyümüz zaman bunu ciddi qəbul edib həkimə müraciət etməli və çox gec olmadan allergeni təyin edib həyatımızdan çıxarmalıyıq.
Valideynlərimizdə astma xəstəliyi varsa bizdə də yaranmaması üçün nələr etməliyik?
Valideynlərdən birində astma varsa uşaqda astma yaranması riski digər uşaqlardan daha yuxarıdır. Amma mütləq onlarda astma yaranacağı anlamına gəlmir. Lakin genetikamızda allergiyaya meyllilik varsa bizdə allergik reaksiya yarada biləcək allergenləri tapıb həyatımızdan çıxarmaqla daha sağlam yaşaya bilərik.
Astma xəstəliyinə necə diaqnoz qoyulur?
Astma xəstəliyinə diaqnoz qoymaq üçün xəstənin şikayətləri ilə yanaşı kompleks diaqnostika metodundan istifadə edirik. Birincisi xəstənin ailəsində allergik və ya astma xəstəliyindən əziyyət çəkən biri olub olmamasını soruşuruq. Bundan əlavə tənəffüs sınaqları və allergik dəri sınaqlarından istifadə edilir. Tənəffüs sınaqları yalnız 5 yaşdan sonra apara bilir, astmanın həm diaqnostikası və hansı dərmanlardan hansı dozada istifadənin təyin olunması üçün çox vacibdir. Allergik dəri sınaqları isə müəyyən allergenlərin dəriyə təması və yaratdığı reaksiya ilə allergenin təyin edilməsidir. Bunun sayəsində xəstənin nəyə allergiyası olduğu təyin edilir və həmin allergeni həyatından çıxarması məsləhət görülür.
Astma xəstəliyi müalicə olunurmu?
15-16 yaşına qədər uşaqlarda tez təyin olunan astma xəstəliyini tam olaraq müalicə etmək və ya 30-40 ilə qədər simptomsuz yaşayış təmin etmək mümkündür. Ümumi olaraq astma xəstəliyi zamanı simptomlardan mümkün qədər uzun müddət azad olunması üçün müalicə aparılır. Lakin, təkcə simptomları müalicə etmək düzgün deyil, profilaktik uzun müddətli müalicə edilməlidir. Müalicə bəzən 6-9 ay və ya illərlə davam edə bilər.
Ətraflı cavablara görə təşəkkür edirik.
Buyurun, həmişə hazıram. Sağ olun və həmişə orqanizminizə qulaq asın.