Yeni dərs ili başlayır və böyükləri həmişə narahat edəcək sual yenə aktual olacaq – uşağım oxumaq istəyirmi və motivasiyanın olmasında ona necə kömək etməli. Fərqli üsullardan istifadə olunur və çox vaxt bu fərq pulla bağlıdır. Bu gün yaxşı qiymətlərə görə uşağa pul verməyin lazım olub olmadığını anlayacağıq.
“Pul haqqında” rubrikamızda, pulunuzu necə qənaətlə idarə edəcəyinizi, özünüzü ümumi qənaət çərçivəsinə salmamağınızı, alış-verişdən zövq alıb olduqca əhəmiyyətli bonuslar əldə edəcəyiniz haqda danışırıq. Bugün psixoloqların uşaqları yaxşı qiymətlərə görə maddi həvəsləndirmə haqqında nə düşündüklərini öyrənəcəyik (və bəzilərini hətta pis qiymətlərə görə cərimə edirlər!). Dərs ilinin ilk günlərində bu çox aktualdır.
Əvvəlcə uşağın nə üçün və kim üçün oxuduğunu anlayaq
Biz böyüklər, əlbəttə ki, niyə məktəbə getməli olduğumuzu başa düşürük: bilik əldə etmək, dünyagörüşümüzü genişləndirmək, yaxşı universitetə daxil olmaq, perspektivli iş tapmaq və nəticədə həyatda uğur qazanmaq. İllər sonra ortaya çıxacaq (amma hər şeyin fərqli olacağı bir şans da var) belə bir nəticə uşaq üçün tamamilə anlaşılmazdır, valideynlərin abstrakt məqsədləri çətin ki öyrənməyə stimul verər. Beləliklə, bir stimul tapılmalıdır!
Və burada analar və atalar öz məntiqi tələsinə düşə bilərlər: uşaq çalışır, hər hansı bir iş isə mükafatlandırılmalıdır. Böyük şagirdlərin valideynlərinə nəticə lazımdır. Valideyn iclasında övladlarına görə utanmaq, axşam saatlarında dərsləri ilə məşğul olmaq istəmirlər, öz qəzəblərinə və uşağın göz yaşlarına dözmək çətindir. Sehrli vasitənin – pulun – ortaya gəldiyi məqam budur.
Yenə də əksər psixoloqlar deyir ki, qiymətlərə görə pul vermək lazım deyil, səbəb isə budur.
Birincisi özünüzə sual verin: Məktəbə getməyin məqsədi nədir – yaxşı qiymətlər və ya həqiqi bilik? Uşağa qiymətlərə görə pul verilirsə, onun üçün təhsilinin mənası məhz pul olacaq. Və bunun üçün uşaq hər şeyə hazır olacaq – digər şagirddən köçürmək, hazır həldən istifadə etmək, “şparqalkalar” hazırlamaq, müəllimdən qiymət istəmək.
İkincisi, təhsil kimə lazımdır – sizə yoxsa övladınıza? Uşağa qiymətlərə görə pul ödəyiriksə, belə çıxır ki, bu bizə, böyüklərə lazımdır. Beləliklə, uşağın biliklərə can atma motivasiyasını tamamilə öldürə bilərik.
Üçüncüsü, uşağınıza yaxşı qiymətlərə görə pul verirsinizsə, bunu niyə etdiyinizi düşünün? Əgər onu bu şəkildə motivasiya etməyə çalışırsınızsa, uşağın öyrənməsinə mane olan və bizim iştirakımızı tələb edən real problemləri əldən verirsiniz.
Niyə pul vermək lazım deyil
Maddi motivasiya əvvəlcə işə yarayacaq. Uşaq həvəslə ev tapşırığını edir, müəllim onu tərifləyir, yaxşı qiymətlər yazır. Bir tərəfdən bunun heç bir mənfi cəhəti yoxdur: uşaq səy göstərdi və layiqli bir mükafat aldı. Təhlükə isə, məsuliyyət daşıdığı şeylər üçün pul almağa alışmasıdır. Bu yolda qarşılaşacağınız digər tələlər var.
- Uşağı motivasiyadan məhrum edirsiniz. Pulla motivasiya etmək ən asan, eyni zamanda ən qeyri-məhsuldar yoldur. Beləliklə, hər insanda olan əsas motivasiyanı söndürürük – nailiyyətə can atma, eyni zamanda ən primitiv olanı inkişaf etdiririk – pul almaq. Uşaqlar həqiqi uğurlara sevinmir və yalnız pul qarşılığını qiymətləndirməyə alışırlar.
- Ailə münasibətlərini dəyişirsiniz. Ailə, göstərilən xidmətlərə görə pul ödənildiyi bazar münasibətləri deyil (buna görə də psixoloqlar uşaqlara ev işlərinə görə pul verməməyi də məsləhət görürlər: qabları yumaq, otağı səliqəyə salmaq, zibili atmaq). Sağlam ailə münasibətləri qayğı, sevgi və xeyirxahlıq üzərində qurulur. Pul mükafatı sistemini tətbiq edərək özünüzü uşaqdan avtomatik olaraq uzaqlaşdırırsınız. Normal bir valideyn reaksiyası əvəzinə bir ödəmə kimi görünür. Uşaq yaxşı qiymətlər alanda və ya xatırlatmadan portfelini yığanda ona bu sözlər deyilməlidir: “Afərin sənə! Çox məsuliyyətlisən!”, bunu pul ilə qiymətləndirmək lazım deyil.
- Qiymətlər artacaq! Bu fikirdən imtina etmək üçün başqa bir səbəb budur. Uşağa yuyulan qablara görə bir dondurma vermək kifayət edirsə, yeniyetmənin işini başqa cür “qiymətləndirməli” olacaqsınız. Gec-tez “qiymətlər” artacaq. Düşünün, hər zaman uşağın işinə görə pul verməyə hazır olacaqsınızmı? Vəzifələri üçün pul almamış bir uşaq sizlə davaya çıxacaq, bu isə çox xoşagəlməz haldır.
- Pulu dəyərdən salırsınız. Bir işin neçəyə başa gəldiyini anlamaq uşağınızın gələcəyi üçün çox vacibdir. Qiymətlər və ya ev işləri üçün pul ödəmək onu çaşdırır. Bu, yetkinlik yaşında ona çox təsir edə bilər, çünki hər hansı bir iş seçimi ona çox aşağı maaşlı görünəcək – pula necə qənaət etməyi öyrənəcəyi ehtimalı azdır.
Motivasiya yoxdursa?
Uşaq boşuna pis qiymətlər almır və məktəbə getmək istəməməyinin səbəbi var, bunu pulla həll etmək lazım deyil. Belə olur ki, motivasiyanın olmaması müəyyən bir uşağın yetişməməsinin, məktəbə hazırlıqsızlığının nəticəsidir. Başqa bir ümumi səbəb, fənnin maraqsız təqdimatı, , məntiqsiz qurulmuş proqram, praktik olaraq dərslikdə yazılanları tətbiq edə bilmədikdə təhsil ilə nəticə arasındakı boşluqdur. Razılaşın, heç kim faydasız bir işə vaxt sərf etmək istəmir. Yeniyetmələrin başqa səbəbləri var: maraqları həmyaşıdları ilə ünsiyyətə doğru dəyişir və bu normaldır. Nəticədə qiymətlərin ödənilməsi uşağın problemlərini həll etmir, sadəcə bir müddət başlarını aldadır.
Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!
Uşağınızın yaxşı oxumasına necə kömək edə bilərsiniz?
- İlk öncə onun sağlam olduğuna və emosional stress və ya narahatlıq yaşamadığına əmin olun. Öyrənmə üçün təbii motivasiya uşaq sağlam və sakit olduqda ortaya çıxır. Bir şey onu çox narahat edərsə, o zaman tam gücü ilə təhsil ala bilməyəcək. Bu valideynlərin boşanması, köçmə, kiçik qardaş və bacının doğulması ola bilər – bu hadisələr uşaq üçün ən vacibi olacaq, dərsdə izah edilən yeni bir mövzu deyil. Problemlərin öhdəsindən gəlmək üçün onlar haqda danışmaq lazımdır. Uşağı bunu etməyə təşviq edin, diqqətlə dinləyin, məsləhət verməyin və qınamayın, narahatlıqlarını unutdurmağa inandırmayın. Nə hiss etdiyini anlamağa çalışın və bu təcrübələri onunla bölüşün: “Nə qədər məyus olduğunu təsəvvür edirəm. Bu, yəqin ki, çox çətindir. Nə qədər əziyyət çəkmisən!”, Birlikdə istədiklərini xəyal edin.
- Təhsilin məzmununa həqiqi maraq göstərin. Məktəb fənlərini sizə maraqsız və faydasız görürsünüzsə, uşağınızı başqa cür düşünməyə inandıra bilməzsiniz. Məktəb proqramında maraqlandığınız şeyi tapın, uşağın hazırkı maraqlarını yaşadıqları ilə əlaqələndirməyə çalışın, birlikdə bütün suallarına cavab axtarın.
- “Evrika” effektini yaratmağa çalışın. Bu, insan təbiətinə xas olan idrak üçün güclü bir stimuldur – tapmacaları həll etmək, bir problemi həll etmək zövqü. Buna görə də, uşağınız üçün maraqlı və əlçatan bir işə, bir suala cavab verə biləcəyi vəziyyətlər yaratmaq çox vacibdir.
- Tərifləməyi unutmayın. Uşağınızı mütləq tez-tez tərifləyin. Eyni zamanda, xüsusilə dəyərli və stimullaşdırıcı tərifə çevrilən abstrakt “Əhsən!”, “ağıllı bala!” qiymətləndirilməsi deyil, uşağın işini və onun həllinə olan marağınızı vurğulayan sözlərdir. Məsələn: “Əvvəlcə çaşdın, sonra hər şeyi analiz edib nə etmək lazım olduğunu başa düşdün!”, “Heç nə alınmırdı və sonra bu bucaqların bərabər olduğunu gördün və teoremi xatırladın!”.
- Yaxşı bir repetitor tapın. Uşağa çətinlik çəkdiyiniz riyaziyyatdan “5” aldığına görə pul verməkdənsə, o pulu repetitor üçün ayırın. Bu, problemi həll edə bilər. Uşaq ona çətin gələn mövzunu başa düşəndə, uğur qazanmağa başlayanda və eyni zamanda səhv etməkdən qorxmayanda motivasiya təbii şəkildə geri qayıda bilər.
Pulları nə etmək olar?
Pul uşaqlara cib xərcliyi üçün verilməlidir. Cib xərcliyi sadəcə uşağın ailəyə mənsubluğunun göstəricisidir. Uşağı puldan məhrum etməklə onu bu simvolik əlaqədən məhrum edirik. Bu məbləğ əla qiymətlər və yaxşı davranışlar üçün deyil, valideynlərə olan sevgi və hörmət üçün deyil, sadəcə uşağın ailənin üzvü olduğu üçün ayrılmalıdır. Və nə qədər, nə vaxt və hansı müddətə alacağını əvvəlcədən bilməsi yaxşıdır. Əgər miqdar dəyişirsə, bunun səbəbini izah etməlisiniz.
Birinci və ya ikinci sinif şagirdi üçün bir həftəlik pul vermək daha yaxşıdır. Yuxarı sinif şagirdi üçün, hər iki həftədə bir və ya ayda bir dəfə – bu, pulu daha uzun müddət idarə etməyi öyrədir. Əsas odur ki, valideynlər bir-biri ilə açıq şəkildə razılaşsınlar və birlikdə hərəkət etsinlər.
Verilən pulun miqdarını necə təyin etmək olar? Bir tərəfdən uşaq pulsuz qalmamalıdır, digər tərəfdən isə istədiyindən bir az az olmalıdır ki, öz xərclərini nəzərə almağı öyrənsin. Uşaq böyüdükdə yeni hobbiləri olur, ehtiyacları dəyişir, məbləği artırmaq lazımdır.
Umico-dan məsləhət
Uşağınız smartfondan istifadə edirsə və vəzifələri arasında mağazaya gedib ərzaq almaq varsa, onun üçün Umico tətbiqini quraşdırın və hər alış üçün bonus almasını xatırladın. Onunla razılaşa bilərsiniz ki, ayın sonunda Umico bonuslarını istədiyi kimi xərcləyə bilər. Üstəlik, təkcə öz bonuslarını deyil, bütün ailə üzvləri tərəfindən yığılmış bonusları. Axı ailə bir komandadır!
Bütün valideynlərin bunu xatırlaması vacibdir. Uşaqları maddi mükafatlarla həvəsləndirməyinizdən və ya bunu etməməyinizdən asılı olmayaraq “Vay, nə gözəl çəkmisən!” və ya “Heç bir xatırlatma olmadan məktəb üçün portfelini özün yığdın…Afərin sənə!” kimi səmimi sözlər uşaq tərəfindən mütləq xatırlanacaq. Tərif və sevgi hissləri hər yaşda vacibdir.